Sergey Zenyov: Ötən mövsüm bizim də əleyhimizə çox belə səhv qərarlar verilmişdi
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda "Sumqayıt" üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçla bağlı nə deyə bilərsiniz?
- Matçın necə keçməsi önəmli deyil. Əsas odur ki, 3 xal qazandıq.
- Razısınız ki, komandanız mövsümün ən pis oyunlarından birini sərgilədi?
- Bunu baş məşqçi daha yaxşı bilər. İndi kiminsə çıxışına qiymət vermək, komandanın oyunu ilə bağlı hansısa nəticə çıxarmaq fikrində deyiləm.
- Bəlkə futbolçular yorğundurlar?
- Əlbəttə, belə gərgin qrafiklə oynamaq çətindir. Buna görə də yorğunluq normal haldır.
- İlk qol zamanı ofsayd var idi?
- Nə vaxtsa bizim də bu baxımdan bəxtimiz gətirməli idi. Ötən mövsüm bizim əleyhimizə o qədər belə səhv qərarlar verilib ki.
- Qələbə "Qəbələ"ni lider etdi...
- Turnir cədvəlinə baxmaq indi çox xoşdur. Amma hələ heç nə qazanmamışıq.
- Ötən mövsüm də lider olduğunuz vax var idi. Amma sonda "Qarabağ" çempion oldu...
- Ümid edirəm ki, bu dəfə elə olmayacaq. Necə də olmasa, təcrübə toplamışıq, nələrdənsə dərs çıxarmışıq.
- Bu mövsüm "Qarabağ"la "Qəbələ" digər altı klubdan çox fərqlənir. Mübarizə məhz bu iki klub arasında keçəcək?
- Mən "İnter"i də yaddan çıxarmamağımızı istərdim. Bütün oyunlarımız həlledici olacaq. Ötən mövsüm biz nəinki əsas rəqiblərimizlə, digər komandalarla oyunlarda da çox xal itirmişdik.