Tailandlı futzalçı: Azərbaycanı məğlub etməyimizə təcrübə çatmadı
Futzal üzrə Tailand yığmasının üzvüü Tayronq Petçtiam DÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibin güclü olduğunu, bizim üçün çətin matç keçəcəyini bilirdik. Çünki onların heyətində çoxlu braziliyalı oyunçu var. Braziliyalılara qarşı oynamaq isə həmişə çətin olur. Amma biz var gücümüzü sərf etdik və əsas vaxtda heç-heçəyə nail olduq (7:7). Qələbə qazanmaq şansımız da var idi. Lakin təəssüf ki, hesabdakı üstünlüyümüzü qoruya bilmədik. Fikrimcə, Azərbaycanı məğlub etmək üçün bizdə təcrübə çatmadı. Azərbaycan yığmasına gəlincə, onlar Portuqaliyaya da başağrısı yaradacaqlar".
Qeyd edək ki, Azərbaycanı 1/4 finalda Portuqaliya ilə oyun gözləyir.