Tailandlı futzalçı: Azərbaycana məğlubiyyət bizim üçün fiasko olmayacaq
Futzal üzrə Tailand yığmasının üzvü Vivat Tayyaroen DÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Azərbaycan yığması ilə oyundan nə gözləyirsiniz?
- Bu, bizim üçün böyük gündür. Çünki mundialın pley-offunda oynamaq qürurvericidir. Yəqin ki, rəqibimiz də qələbəni arzulayır. Amma komandamız meydançada intizamlı davranır və konsentrasiyanı itirmir. Hesab edirəm ki, Tailand yığması bu cütün favoritidir. Biz Azərbaycana qalib gələcək gücdəyik.
- Rəqib barədə informasiya toplaya bilmisiniz?
- Bəli, toplamışıq. Amma bu barədə sizə danışmayacağam. Əsas odur ki, biz rəqibin necə oynadığını bilirik.
- Komandanızdan fərqli olaraq, Azərbaycan millisində xeyli braziliyalı çıxış edir. Bu, sizi təəccübləndirmir?
- Komandanızda bu qədər braziliyalı görmək maraqlıdır. Amma bu, təəccübləndirmir. Çünki bu təcrübədən yararlanan xeyli komanda var. Sizin yığmanızın üzvləri də dünya səviyyəli futzalçılardır.
- Proqnozunuz necədir?
- Proqnoz verməyi xoşlamıram. Amma dediyim ki, özümüzü favorit hesab edirəm. Düşünürəm ki, qələbə qazanacağıq.
- Son oyunda yığmamız İranla heç-heçə etdi. Uduzsaydı, İranla qarşılaşmalı olacaqdınız. Sizcə, İran Azərbaycan yığmasından güclüdür?
- İranın Tailand yığması üçün maraqlı rəqib olacağını düşünmürəm. Onlarla oynamışıq. Burada isə Azərbaycanla oynamaq bizə maraqlı idi.
- Azərbaycan yığmasına məğlubiyyət sizin üçün faciə olmayacaq?
- Azərbaycana məğlubiyyət bizim üçün fiasko və ya uğursuzluq olmayacaq. Çünki Azərbaycan güclü rəqibdir. Bu oyun bizim üçün böyük təcrübə olacaq.