Hüseynqulu Quliyev: Qəbələ Avropada Rəvanın aqibətini yaşamaq istəmir
"Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Hüseynqulu Quliyevin azerisport.az saytına müsahibəsi
- UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Dinamo” (Moskva, Rusiya) ilə matça necə hazırlaşmısınız?
- Mümkün qədər yaxşı hazırlaşmışıq. Heyətlə bağlı itkimiz yoxdur. Meydana ən güclü futbolçularımız çıxacaq. Uşaqlar hansı məsuliyyəti daşıdıqlarını bilirlər. Uğurlu çıxış edəcəyimizə inanırıq.
- Rəqib barədə nəsə öyrənmisiniz, ya buna ehtiyac görmürsünüz?
- Moskvalıların beş oyununu izləmişəm. Həm evdə, həm də səfərdə necə oynadıqlarını bilirəm. Bizə ən güclü rəqiblərdən biri düşüb. Sürətli futbolçuları var. Əks-hücumlarda da çox təhlükəlidirlər. Amma mən uşaqlarımıza güvənirəm.
- Şanslar barədə nə düşünürsünüz?
- Taktiki mübarizə həlledici rol oynayacaq. Təəssüf ki, ilk oyun bizim meydanımızda olacaq. Ev oyununda mütləq qalib gəlməli və qol buraxmamalıyıq.
- Sizi narahat edən başqa hansısa məqamlar var?
- Biz rəqib futbolçulara yalnız boy baxımından uduzuruq. "Dinamo"nun futbolçularının əksərinin boyu 180 sm-dən çoxdur. Bizimkilərin orta boy həddi isə 175 sm-dir. Ötən il ölkəmizi bu turnirdə təmsil edən "Rəvan" da Rusiya təmsilçisi ilə qarşılaşmışdı və Moskva "Spartak"ına uduzmuşdu. Biz həmin uğursuzluğu təkrarlamaq istəmirik. Beynəlxalq arenada uğur qazanmaq istəyirik. Hansı ki, bunu əsas komandamız, həmçinin "Qarabağ" bacarır.
- Rəhbərlik qarşınıza hansı tapşırıqları qoyub?
- Böyük hədəflər qoyulmayıb. Sadəcə, klubumuzu, ölkəmizi yaxşı təmsil etmək arzumuz var. Psixoloji baxımdan uşaqlar üzərində heç bir təzyiq yoxdur. Ötən gün klubun vitse-prezidenti Fariz Nəcəfov da komanda ilə görüşdü.
- Rəhbərlik mərhələ keçəcəyiniz halda mükafat söz verdi?
- Bəli, olacağını dedilər. Amma biz buna diqqət yetirmirik. Bizim üçün vacib olan qələbə qazanmaqdır. Qalan hər şey ikinci plandadır.