Robert Prosineçki: Neftçinin özünə gəlməsi üçün bir il də azdır
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Zirə" oyunu zamanı jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Qarşıda millimizi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə oyun gözləyir. Bu görüşə hazırlıq planınız necədir?
- Oktyabrın 3-dən etibarən bu görüşün hazırlığına başlayacağıq. Çünki klublar ayın 2-nə kimi oyunlar keçirəcəklər. Məhz bu üzdən ondan sonra toplaşmaq imkanımız var.
- Son turlarda millimizin üzvlərindən Vaqif Cavadovla Rauf Əliyev pis təsir bağışlamır. Onların qarşıdakı oyunlarda yenidən yığmamızın heyətinə cəlb olunması mümkündür?
- Heyəti artıq müəyyənləşdirmişəm. Amma müəyyən dəyişiklər mümkündür. Rauf çoxdan idi qol vurmurdu, nəhayət dublla yadda qaldı. Lakin o, hələ yaxşı formada deyil.
- Bir neçə gün öncə köməkçiniz Elxan Abdullayev "Neftçi"nin baş məşqçisi təyin olundu. Bu barədə fikirləriniz maraqlıdır...
- Açığını bilmək istəyirsiniz? Heç özüm də bilmirəm ki, "Neftçi"ni bu vəziyyətdən kim çıxara bilər. Əlbəttə, mən də hər şeyin yaxşıya doğru dəyişməsini gözləyirəm. Bütün problemlər heç də yalnız heyətlə əlaqədar deyil. Bircə baş məşqçini dəyişməklə dərhal uğur qazanmaq mümkün deyil. Ötən gün bu komandanın "İnter"lə qarşılaşmasında müəyyən dəyişiklik gördüm.
- "Neftçi"dəki mümkün uğursuzluq Abdullayevin yığmadakı işinə hansısa təsir göstərməyəcək?
- "Neftçi" hələ nə taktiki, nə də fiziki baxımdan hazırdır. Bu komandanın tam "sağalması" üçün heç bir il də bəs etməz.
- "Bursaspor"un hücumçusu Dəniz Yılmazı qarşıdakı toplanışa dəvət edəcəksiniz?
- Hazırda o, zədəlidir. Onu Azərbaycan yığmasına hələ məndən öncə də dəvət etmək istəyiblər. Amma alınmırdı. Yəqin razılaşarsınız ki, Türkiyə Super Liqasının səviyyəsi daha yüksəkdir. Onun da oyun keyfiyyətləri yaxşıdır. "Bursaspor" Türkiyə çempionatının ən güclü beş komandasından biridir. Fikrimcə, o, yığmamıza kömək edə biləcək.