Martin Broberq: Klubum mənə görə Qəbələnin təklif etdiyindən çox pul istəyir
İsveçli yarımmüdafiəçi Martin Broberq "Qəbələ"yə mümkün keçidi barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, bu keçid mümkündür. Düzünü deyim ki, bu transferin əleyhinə deyiləm. Transfer baş tutsa, çox sevinərəm. Çünki Avropa Liqasında oynamaq şansı qazanacağam. İndiyə qədər İsveçdən kənarda oynamamışam. Azərbaycan bu baxımdan mənim üçün ilk ola bilər. Öz əlimdə olsa, elə indicə Azərbaycana gələr və "Qəbələ" ilə müqavilə bağlayardım. Bunu çox istəyirəm. Amma "Erebru" bu transferə görə "Qəbələ"nin təklif etdiyindən çox pul istəyir. Ona görə də bu transfer sual altındadır. "Qəbələ" barədə məlumatım var. Bilirəm ki, ardıcıl ikinci mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıblar. Heyətində həm yerli, həm də əcnəbi futbolçuları olan güclü komandadır".