“Mənim də Qara və Eminlə birgə yenidən yığmada oynamağım mümkündür”
"Neftçi"nin müdafiəçisi Eltun Yaqublu Azərbaycan yığmasına yeni dəvət alan Emin Mahmudovun bir neçə gün öncə Qara Qarayev və onunla birgə olan fotosunu paylaşmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu şəkil 9 il əvvəl çəkilib. O vaxt biz birgə U-17-də çıxış edirdik. Yadımdadır, Mahmudov komandaya gəlsə də, uyğunlaşa bilmədi. Amma istedadlı futbolçu olduğu bilinirdi. Əfsuslar olsun ki, məşqçilər elə ilk toplanışdan sonra Emini geri qaytardılar. Yaxşı xatırlayıram, biz Valentin Qranatkinin xatirə turnirində iştirak edəndə Emin Rusiya yığmasının bombardiri idi. O vaxt hamı deyirdi ki, Emini Azərbaycan yığmasına götürmədilər, amma o, Rusiyanı çempion edəcək. Şadam ki, nəhayət Mahmudovu Azərbaycan yığmasına qaytardılar. O, səmimi və yaxşı insandır. Yığmamıza köməyi dəyə bilər. Maraqlıdır ki, Qara ilə Emin yenidən bir aradadır, amma mən yox. Yəqin, qismət belədir. Mən də öz üzərimdə çalışıram və onlara qoşulmağım hələ də mümkündür".