Bədavi Hüseynov: Əsas odur ki, qazon yaxşı, tribunalar dolu olsun
Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- Zədəniz hazırda nə yerdədir?
- "Neftçi" ilə oyun zamanı son dəqiqələrdə zədə aldım. Buna görə bir müddətdir oynaya bilmirəm. Yığmaya da qarşıdakı oyunda kömək edə bilməyəcəyəm. Amma ümid edirəm ki, millimiz San Marino ilə oyunda DÇ-2018-in seçmə mərhələsinə qələbə ilə başlamağı bacaracaq.
- Yığmamızın bu oyunda xal itirməsi mümkündürmü?
- San Marino ilə oyunda uğursuzluqla üzləşsək, bunu azarkeşlərə heç cür izah etmək olmaz. Amma indi futbol elədir ki, istənilən komanda oynamağı, rəqiblərindən xal almağı bacarır. Mən millimizə inanıram.
- Sizi bu oyunda kim əvəz edə bilər?
- Məni əvəz edəcək çox futbolçu var. Robert Prosineçki başqa oyunçu çağırmasa, heyətdə yer alanlardan Maksim Medvedevlə Tərlan Quliyevin meydanda olacağı istisna deyil.
- Qurban Qurbanovun sözünə görə, sizin "Slovan"la da görüşü buraxmağınız mümkündür...
- Ola bilər. Ciddi müalicə olunmalıyam.
- Yığmaya yeni cəlb olunan Ramil Şeydayevlə Emin Mahmudov barəsində nə düşünürsünüz?
- Yığmaya iki yaxşı oyunçu cəlb olunub. Hər ikisi yaxşı məktəb görüb. Onların yığmaya tam uyğunlaşması üçün zamana ehtiyac var. Emin də, Ramil də milliyə faydalı ola bilər. Əbəs yerə "Spartak", "Zenit" kimi klublarda oynamırdılar. İnanıram ki, potensiallarını aça biləcəklər.
- "Qarabağ"ın ardıcıl üçüncü mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasının sizin üçün hansısa özəlliyi var?
- Bizim üçün bu, böyük bir təcrübədir. Şadam ki, hər il qrup mərhələsində oynamaq imkanı qazanırıq. Bu turnirin səviyyəsi çox yüksəkdir. Futbolçu olaraq inkişaf edirik. Fanatlarımız da sevimli klubunu belə bir turnirdə izləməyə layiqdilər.
- Bu dəfə "Slovan", PAOK və "Fiorentina"ya qarşı oynayacaqsınız. Çexlərə qarşı baş tutacaq ilk oyunda qələbə qazanmaq mümkün olacaq?
- Qrupun favoriti "Fiorentina"dır. Böyük tarixə malik klubdur. "Slovan"la PAOK da yaxşı komandadır. İlk oyun bizim üçün çox vacibdir. "Slovan"la görüşə yaxşı hazırlaşıb, qələbə qazanmaq istəyirik.
- Çexlərlə görüşün hansı arenada keçirilməsini istərdiniz?
- Bakı Olimpiya stadionunda, ya da "Dalğa Arena"da oynamağın fərqi yoxdur. Əsas odur ki, qazon yaxşı, tribunalar dolu olsun. Bizə azarkeşlərin dəstəyi önəmlidir.