Qurban Qurbanov: Artıq qrupdan çıxmaq üçün mübarizə aparacağıq
AFFA İcraiyyə Komitəsinin üzvü, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün baş tutan iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Klubdakı işlərlə yanaşı İK-nın da iclasına qatılmaq mənim üçün yorucu deyil. Əksinə, mənə maraqlıdır. Belə bir işlə məşğul olmaq mənim üçün də bir təcrübədir.
- Avropa Liqasının qrup mərhələsinin püşkatmasını necə dəyərləndirərdiniz?
- Qrup mərhələsinə vəsiqə qazanmaqla minimum vəzifənin öhdəsindən gəldik. Bu mövsüm artıq qrupdan çıxmaq istəyirik. Təcrübəmiz də çoxdur. Ona görə də inamlı çıxış etməyə çalışacağıq.
- "Qəbələ"nin qrupu barədə nə düşünürsünüz?
- Qrupda zəif komanda olmur. Onların da rəqibləri sıradan komandalar deyil. Bəziləri ilə biz qarşılaşmışıq, necə çətin olduğunu görmüşük. Fikrimcə, Roman Qriqorçukun uğur qazanmaq üçün lazım olanı ən doğru şəkildə edəcək.
- "Qarabağ" yenə qazon problemi ilə üzləşdi...
- Qazonun belə olması həm də bizim problemdir. Çünki bu arenanı beş ildir seçmişik. İngiltərədən mütəxəssislər dəvət etmişik. Olimpiya stadionunda və ya "Dalğa Arena"da da oynamaq perspektivi var. Çünki qrup mərhələsinin ilk turuna kimi mərkəzi arena hazır olmayacaq.
- Bədavi Hüseynovun zədə səbəbindən millidən kənarlaşdırılmasını necə qarşıladınız?
- Onun zədəsi çox ağır deyil, amma yüngül də deyil. Belə zədə ilə diqqətli olmaq lazımdır. Hələ ki, onun qrup mərhələsinin ilk oyununda iştirakı sual altındadır. Yığmamıza gəlincə, hər birimiz komandadan qələbə gözləyirik. Ümid edirəm ki, San Marinodan uğurlu nəticə ilə dönəcəklər.