Elmar Məmmədyarov: Klub futbolunda bizdə hər şey yaxşıdır, görək millimiz nəyə nail olacaq
AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov bu gün baş tutan iclasdan sonra jurnalistlər üçün brifinq keçirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İclas çox maraqlı keçdi. Bu mövsüm yenə iki klubumuz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Təəssüf ki, bu uğura Çempionlar Liqasında nail ola bilmədik. Amma klub səviyyəsində bizdə hər şey yaxşıdır. Görək, yığmamız nəyə nail olacaq. Çox istərdim ki, millimiz də Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazansın. Komandamızda potensial var. Rio Olimpiadasından sonra futbolda da uğur qazanmaq istəyirik. "Lans"la bağlı layihəyə gəlincə, bu, biznes-layihə idi. Bu, bir biznesmenin layihəsiydi. Fikrimcə, həm bu, həm də "Atletiko" ilə bağlı layihələr çox yaxşı təbliğat oldu".