Qəbələ Ukraynaya yollanır
“Qəbələ”nin Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı dəqiqləşib. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin “Maribor”la (Sloveniya) avqustun 25-də səfərdə keçirilən cavab oyunundan (0:1) sonra istirahətə buraxılan futbolçular ayın 31-də bir araya gələcək.
“Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Odessa şəhərində hazırlıq keçəcək komanda sentyabrın 7-dək bu ölkədə qalacaq. Roman Qriqorçukun yetirmələri toplanış müddətində “Çernoye More” otelində məskunlaşacaq. Hazırlıq prosesi çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Sentyabrın 4-də baş tutacaq qarşılaşmadakı rəqibin adı hələ dəqiqləşməyib.
“Qəbələ” təlim-məşq toplanışını tam heyətlə keçirməyəcək. Milli komandaların düşərgəsində olan futbolçular – Sergey Zenyov Estoniya, Nika Kvekveskiri Gürcüstan, Teo Uiks Liberiya yığmasının düşərgəsində olduğu üçün hazırlıqlarda iştirak edə bilməyəcək.
Azərbaycan millisinin heyətində olan Məhəmməd Mirzəbəyov, həmçinin U-21 yığmasının toplanışına qatılan Elvin Camalovla Sadiq Quliyev də Ukrayna səfərində iştirak etməyəcək.
Xatırladaq ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 10-da keçirəcək. “Qəbələ” Premyer Liqanın 4-cü turunda səfərdə “Neftçi” ilə görüşəcək.