Çervenka: Qarabağ Slovan ilə ilk matçın favoritidir
"İnter"in sabiq futbolçusu Bronislav Çervenka Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Çexiya "Slovan"ı arasında baş tutacaq oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Slovan" narahat rəqibdir. Onlar da avrokuboklarda uğur qazanmağı hədəfləyiblər. Sürətli oynayırlar, çox hücum edirlər. Bunun da sayəsində çoxlu qol vururlar. Səfər oyunlarında isə müdafiəyə diqqət ayırıb, təhlükəli əks-hücumlara üstünlük verirlər. "Qarabağ" bu mövsüm artıq Çexiya klubu ilə qarşılaşıb. Amma "Viktoriya" ilə "Slovan"ı müqayisə etmək çətindir. Buna görə də "Slovan"la görüşlərin "Qarabağ" üçün nə qədər çətin və ya asan keçəcəyini deyə bilmərəm. Bircə onu bilirəm ki, "Slovan"a Bakıda çətin olacaq. Birincisi, bu, qrup mərhələsinin ilk oyunudur. İkincisi, "Qarabağ" "Viktoriya" ilə oyunlarda da güclü komanda olduğunu göstərdi. Xüsusilə də ev oyunlarında. Ona görə də "Qarabağ" ilk oyunun favoritidir".