Məhəmməd Mirzəbəyov: Rəqiblərimizin hər biri təhlükəlidir
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"i, Fransa "Sent Etyen"i və Almaniya "Maynts"ı ilə qarşılaşacaqsınız. Püşkün nəticəsi sizi qane etdi?
- Çətin qrupa düşdük. Bütün oyunlara ciddi hazırlaşmalıyıq. Meydana öz gücümüzə inananaraq çıxmalıyıq. Bizi sevən, dəstəkləyən hər kəsi sevindirməyə çalışacağıq.
- Daha çox hansı komandadan çəkinirsiniz?
- Rəqiblərimizin hər biri təhlükəlidir. Amma istənilən rəqibdən xal almaq olar. Futbolda hər şey mümkündür. Şübhəsiz ki, biz də bura qədər gəlmişiksə, qrup mərhələsində də maksimum nəticə üçün çalışacağıq.
- "Qəbələ"nin ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması sizin üçün nə deməkdir?
- Əlbəttə, hamımız üçün sevindirici məqamdır. Biz belə bir uğura imza atmağı çox istəyirdik. Şadam ki, istəyimizə çatdıq.
- Amma qrup mərhələsinə vəsiqə yolunda son matçınızda məğlub oldunuz. Sloveniya "Maribor"una məğlubiyyətə (0:1, ilk oyun 3:1) nə səbəb oldu?
- Hər şey gözlədiyimiz kimi alındı. Ağır oyun idi. Xüsusilə də psixoloji baxımdan. Qol buraxdıqdan sonra işimiz daha da çətinləşdi. Amma Allaha şükürlər olsun ki, zəhmətimiz hədər getmədi və bizə sərf edən hesabı sonadək qorumağı bacardıq, qrup mərhələsinə vəsiqə əldə etdik. Bizi dəstəkləyən, bizə görə həyəcan keçirən hər bir kəsə təşəkkürümü bildirirəm.
- Hakim ikinci hissədə Teo Uiksə birbaşa qırmızı vərəqə göstərməkdə haqlı idi?
- Hakimin qərarının doğru olub-olmadığını deyə bilmərəm.
- Amma yəqin ki, azlıqda qalandan sonra sloveniyalıların hücumlarının qarşısını almaq daha da çətin oldu...
- Şübhəsiz. Ondan sonra bizim üçün həm taktiki, həm də fiziki cəhətdən çox ağır oldu. Lakin xoşbəxtlikdən istəyimizə nail olduq.