Qarabağ və Qəbələdən Avropa Liqasında yeni uğur
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una qarşı keçirdiyi cavab oyununda qazandığı 3:0 hesablı qələbə sayəsində yeni uğura imza atdı. Azerisport.az xəbər verir ki, ilk oyunda 0:1 hesabıyla uduzmasına baxmayaraq, ev oyunundakı darmadağın Ağdam klubunun tarixində 3-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasına şərait yaradıb. Özü də Qurban Qurbanovun komandası buna ardıcıl olaraq, son üç mövsümdə nail olub. Azərbaycan futbolu tarixində hələ belə uğurlu nəticəyə nail olan digər klub olmayıb.
"Qəbələ" də Sloveniya "Maribor"unu keçməklə (ilk oyun 3:1, cavab matçı 0:1) ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazandı. Bölgə təmsilçisi bu mənada "Qarabağ"ın bundan əvvəlki nəticəsini təkrarlamış oldu. Amma Ağdam klubu üçüncü dəfə qrup mərhələsində oynamaq şansı qazandığı üçün, "Qəbələ" yalnız öz rekorduna imza atdı.
"Qəbələ"nin bu uğurunu səciyyələndirən daha bir diqqətçəkən məqam var. Belə ki, Roman Qriqorçukun çalışdırdığı komandamız hər iki mövsümdə qrup mərhələsinə ilk raunddan başlayaraq qazandığı qələbələr sayəsində nail olub.