Tahir Süleymanov: Neftçi pis idarə olunur
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi
- Sizə elə gəlmir ki, "Neftçi"nin "Qarabağ"a 0:3 hesablı məğlubiyyəti o qədər də böyük rezonans doğurmadı?
- Təəssüf ki, komandanın təkcə ağdamlılarla yox, hətta "Zirə" və "Kəpəz"lə oyunundan da qələbə gözlənilmirdi. Çox acınacaqlı vəziyyətdi. Artıq "Neftçi"dən heç kim çəkinmir. Mən artıq çoxdan demişəm ki, bu böyük klubun emblemindən başqa heç nə qalmayıb. Halbuki, vaxt var idi rəqiblərimiz bizə artıq paltardəyişmə otağında uduzurdular. Bu komanda ilə heç-heçəyə nail olmalarına sevinən rəqiblər var idi. "Qarabağ"ın indiki vəziyyətini nəzərə alsaq, mən bu klubun ikinci heyəti barədə danışmaq istəməzdim. "Qarabağ"ın heyətində meydana çıxan Elvin Yunuszadə vaxtilə "Neftçi" ilə Avropa Liqasının qrup mərhələsində çıxış edib.
- Siz nə vaxtsa belə bir "Neftçi" görmüşdünüz?
- Biz "Neftçi"ni 2009/10 mövsümündə qəbul edəndə də bərbad vəziyyətdə idi. Amma hətta onda da belə deyildi. İndiki rəhbərlik bizdən sonra gəlib. Hər şeyin necə pisləşdiyini özünüz görürsünüz. Mövsümün əvvəlində "Qəbələ" klubun büdcəsini iki dəfə azaltdığını bəyan etdi. Buna baxmayaraq, onlar Avroliqanın qrup mərhələsinin bir addımlığındadırlar. Bəs "Neftçi"?
- Problem məşqçidə, futbolçularda, ya rəhbərlikdədir?
- Günahkar axtarmaq lazım deyil. Klubu məşqçilər korpusu və rəhbərlik idarə edir. Oyunçuları da günahlandırmaq lazım deyil. Valeri Lobanovski deyirdi ki, pis futbolçu olmur. Pis məşqçilər və rəhbərlik olur.
- Bəs bu rəhbərliyə nə məsləhət görürsünüz?
- Azarkeşlərdən polisə şikayət etmək əvəzinə vəziyyəti yaxşılaşdırmaq haqda düşünmələri lazımdır. Aydın məsələdir ki, heç kimin başqasını təhqir etmək hüququ yoxdur. Böyük futbol peşəkarlıq tələb edir. "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyir klubda maliyyə problemi yoxdur. Amma klub daxilində elə göstərməyə çalışırlar ki, komandanın pis çıxış etməsi məhz maliyyə problemlərindən qaynaqlanır.
- Azarkeşlər niyə yeni rəhbərliyə qarşı ilk gündən belə münasibət göstərdi, demək olar ki, dəstək nümayiş etdirmədilər?
- Bununla razı deyiləm. Uğursuzluqlara baxmayaraq, azarkeşlər komandanı layiqli şəkildə dəstəkləyirdilər. Amma bəzi uğursuzluqlardan sonra inamları itdi. Onları günahlandırmaq olmaz. Onlar yaxşı nəticələr gözləyirlər, tələb edirlər. Fanatlar "Qarabağ"ın, "Qəbələ"nin qazandığı uğurları görüb, "Neftçi"nin o səviyyədə olmamasından narazı qalırlar.
- Ola bilər ki, Vəli Qasımov işinin öhdəsindən gələ bilmir?
- Bu rəhbərlik neçə məşqçi dəyişdirib? Dörd. Bu, nəyisə dəyişib? Yox.
- Bəs nə etmək lazımdır?
- İndiki "Neftçi"də sistem yoxdur. Hətta olsa da belə, onu dəyişmək lazımdır. Ötən mövsüm bir neçə uğursuz transferlər etmişdilər. Onları yayda yola saldılar. Amma əvəzinə gətirilənlər də ümidləri doğrultmurlar. Klub pis idarə olunur. Bütün bunlara baxmayaraq, onlara uğurlar arzulayıram. "Neftçi" öz qüdrətini yenidən geri qaytarmalıdır.