Rahid Əmirquliyev: Səfər oyunundakı qolsuz heç-heçə yaxşı nəticədir
29 iyul 2016 13:30
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiyanın "Viktoriya" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
"Viktoriya" çox güclü rəqibdir. Səfərdə belə bir rəqiblə heç-heçə bizim üçün uğurlu nəticə sayıla bilər. Amma bu görüşdə qol da vura bilsəydik, lap əla olardı. Bunun üçün şanslarımız da oldu. Təəssüf ki, onlardan yararlana bilmədik. Artıq azarkeşlərimiz qarşısında keçirəcəyimiz cavab oyununu gözləyirik. Çətin olacağını bilirik. Lakin mərhələ keçməyə çalışacağıq".