Elmar Baxşiyev: Qəbələ - Lill cütünün taleyinə Bakıda aydınlıq gələcək
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev bu klubun Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransa "Lill"inə qarşı keçirəcəyi ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"ni çətin oyun gözləyir. "Lill"in necə çətin, güclü rəqib olduğunu hamı yaxşı bilir. "Qəbələ" bu mövsüm taktiki cəhətdən ağıllı oyun sərgiləyir. Roman Qriqorçukun belə oyunlarda böyük təcrübəsi var və mənə elə gəlir ki, o, fransızlarla matçda da uğurlu nəticə qazanmaq üçün lazım olanı edəcək. "Qəbələ" hələ öz potensialını açmayıb. Bu heyətdən daha çox şey gözləmək olar. Teo Uiks klubun ən yaxşı transferidir. Ozobiçlə Kvekveskiri də baş məşqçinin istənilən tapşırığını yerinə yetirməyə qadirdir. Daboya gəlincə, onun MTK ilə Bakıdakı oyunda necə ötürmələr verdiyi hələ yaddan çıxmayıb. Özü də qol vuracaq. "Qəbələ" - "Lill" cütünün taleyi Bakıda həll olunacaq. Ümid edirəm ki, "Qəbələ" Fransa klubunu keçəcək və qrup mərhələsinə bir qədər də yaxınlaşacaq".