Vitali Borisov: Hədəfimiz Serbiya çempionu olmaqdır
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov Serbiyanın "Ekonomaç" klubuna transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Serbiya klubundan təklif aldım. Oraya yollanıb klub rəhbərliyi ilə görüşdüm və təkliflərini qəbul etdim. Şadam ki, bu komandada çıxış edəcəyəm. Bir illik müqavilə bağlamışam. Əsas hədəfimiz doqquzuncu dəfə Serbiya çempionu olmaq və ən azı UEFA Kubokunun elit mərhələsinə çıxmaqdır. Azərbaycan futzalında lider "Araz"dırsa, Serbiyada da "Ekonomaç"dır.
Yığmaya gəlincə, baş məşqçi Miltinyo özünə Biro Jadeni köməkçi gətirib. O, Azərbaycan futzalında iz qoyan oyunçulardan olub. Ümid edirəm ki, birgə fəaliyyətləri millimiz üçün uğurlu olacaq. Dünya çempionatında çətin qrupa düşsək də, pley-offa çıxmaq üçün əlimizdən gələni edəcəyik. Amma məni yığmaya dəvət edib-etməyəcəklərini bilmirəm".