Azərbaycanlı futbolçular Skontonu məyus etdilər
Futbol üzrə Latviya birinci liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Skonto" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:1. Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olubsa, Orxan isə 82-ci dəqiqədə əvəzlənib.
"Olayne"nin qollarını da futbolçularımız vurub. Belə ki, 44-cü dəqiqədə məğlub duruma düşən meydan sahiblərini öncə 63-cü dəqiqədə Vüqar sevindirib. Bundan cəmi 6 dəqiqə sonra isə Orxan qələbə qoluna imza atıb.
Bu, Əsgərovun cari mövsümdə vurduğu 20-ci qol olub. Həsənəliyev isə 7 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 28 xal toplayan "Olayne" 15 klub arasında 4-cü pillədə qərarlaşıb.