Ramin Musayev yeni mövsüm öncəsi danışdı
PFL prezidenti Ramin Musayev bu gün Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə yeni mövsümdən gözləntilərini açıqlayıb:
"Qarşıdakı çempionat daha maraqlı olacaq. Ən azı 6 komanda yüksək yerlər uğrunda mübarizə aparacaq. Bu mövsüm bəzi dəyişikliklər də olacaq. Məsələn, legionerlər üçün 5 min manat rüsum olacaq. Futbolçuların maykalarında onların ad və soyadlarının yalnız Azərbaycan dilində yazılması ilə də bağlı razılıq əldə olunub".
Sevindirici haldı ki, avrokubokdakı bütün komandalarımız mərhələ keçdilər. Əvvəllər bir mərhələ keçməyə sevinirdik. Amma indi azarkeşlərin də gözləntiləri yüksəlib. Öncə "Neftçi" qrup mərhələsində oynadı, sonra "Qarabağ"la "Qəbələ". Bu gün “Qarabağ” oynayır, qarşıda "Qəbələ"nin də oyunu var, onlara uğurlar arzulayırıq.
Yeni mövsümdə də “Topaz”la əməkdaşlığımız davam edəcək. Növbəti mövsüm üçün daha maraqlı proqram hazırlamışıq. Jurnalistlərin də təkliflərini qəbul etməyə hazırıq.
Gənc hakimimiz Əliyar Ağayevin 19 yaşadək futbolçular arasında AÇ-nin finalını idarə etməsi sevindirici haldı. Bu, hakimlərələ görülən işin nəticəsidi. Sözsüz ki, çempionatda müəyyən nöqsanlar olur. Lakin əsas odu ki, bunlardan nəticə çıxarılır. Əliyarın formasında isə AFFA və ya PFL yox, Azərbaycan yazılmışdı. AFFA rəhbərliyi sağ olsun ki, hakimlər üçün xaricdə toplanış keçməyə şərait yaradır. Bunda az da olsa, PFL-in də əməyi var.
Digər sevindirici məqam odur ki, 2 futbolçumuz – Elnur Cəfərov və Budaq Nəsirov Portuqaliya çemponatında çıxış edəcəklər. Bu sevindirici haldı. Biz həmişə deyirdik ki, yerli oyunçulara öz klublarımız layiq olduqlarından çox pul verildiyi dövrdə onlar xaricə getməyəcəklər. Artıq nəticə göz qabağındadı, iki futbolçumuz xaricə üz tutdu".