Denis Kojanov: Cavab matçında ancaq qələbəyə oynayacağıq
Moldovanın "Daçiya" klubunun yarımmüdafiəçisi Denis Kojanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı Bakıda keçirdikləri ilk oyundan (0:0) sonra müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- 16 il avrokuboklardan kənarda qalan "Kəpəz"dən belə oyun gözləyirdiniz?
- Əlbəttə, oyunun asan olmayacağını bilirdik. "Kəpəz" əks-hücumlar qurmağ bacardı. Çətin oyun oldu.
- Oyundan öncə deyilirdi ki, klub prezidenti və bəzi oyunçular bu matça ciddi yanaşmırlar...
- Biz hər oyuna ciddi yanaşırıq və qələbə qazanmaq istəyirik. "Kəpəz" yaxşı rəqibdir. Ümumiyyətlə, Avropa Liqasında zəif rəqib olmur.
- Niyə komandanızda baş məşqçi funksiyasını faktiki olaraq klub prezidenti yerinə yetirir? Sizi məşqə də o çıxarır?
- Məşqlərimizdə iştirak edir. Baş məşqçimiz də təcrübəli mütəxəssisdir.
- "Kəpəz"in xeyli qol epizodu olsa da, matç heç-heçə bitdi. Bəxtinizin gətirdiyini demək olar?
- "Kəpəz" öz meydanında oynayırdı. Ona görə də bu qədər qol epizodu yaratması normaldır. Amma fortuna bizim tərəfimizdə idi. Bu mənada sizinlə razıyam.
- Birinci hissədə çox zəif oynadınız...
- Bəli, matçın ilk yarısında bizdə heç nə alınmadı. Amma ikinci hissədə daha inamlı çıxış etdik.
- Belə oyunla "Kəpəz"i keçəcəyinizə inanırsınız?
- Cavab matçında ancaq qələbəyə oynayacağıq. Ümid edirəm ki, arzuladığımız nəticəni əldə edə biləcəyik.