Rəşad Sadıqov: Samtrediaya səfərdə də qalib gəlmək istəyirik
"Qəbələ"nin kapitanı Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- Avroliqanın startında Gürcüstan "Samtredia"sına 5:1 hesabıyla qalib gələcəyinizi gözləyirdiniz?
- Ola bilsin ki, hesab bir qədər gözlənilməz oldu. Amma Gürcüstandakı toplanış da yaxşı heyət formalaşdırdığımızı göstərmişdi. Bu oyuna da tam hazır idik. İlk dəqiqələrdən rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaq, qol vurmaq tapşırığı almışdıq. Buna da nail olduq və sonda bəhrəsini gördük. Ola bilər ki, biz bu mövsüm Avroliqanın qrup mərhələsinə düşə bilməyək. Hər şey püşkdən asılı olacaq. Amma mənə elə gəlir ki, komandamız ötən ildəkindən daha güclüdür. Bunu toplanışın ilk günündən hiss edirəm.
- İkinci hissədə hesab 3:0 olarkən rəqibin üstünlüyü ələ alması nə ilə əlaqədar idi?
- Futbolda belə hallar olur. 3:0 bir qədər arxayınlıq yarada bilər. Amma rəqibin də haqqını vermək lazımdır. Onlar ikinci hissədə təxminən 15 dəqiqə bizi gərginlikdə saxladılar. Hətta qol da vurular. Amma buraxılan qoldan sonra yenidən toparlandıq. Fikrimcə, layiqli qələbə qazandıq.
- 5:1 rəqibin zəif olmasından xəbər verir?
- Bizim güclü və ya rəqibin zəif olması barədə mütəxəssislər fikir yürüdə bilər. "Qəbələ" layiqli qələbə qazandı. Hər halda 5:1 hesablı qələbə qazanmağımız komandamızın gücündən xəbər verir.
- Uğurun davamı olacaq?
- Səfərdə də qələbə qazanmağa çalışacağıq. Fikrimcə, bizdə buna motivasiya da var.
- Potensial rəqiblərinizin - "Aktobe" ilə Budapeşt MTK-sının oyununda qalib müəyyənləşmədi (1:1). Hansı ilə rəqib olmaq istərdiniz?
- Biz hələ bu barədə düşünmürük. Bizi qarşıda cavab oyunu gözləyir. Gürcüstanda da qələbə qazanmaq istəyirik. Reytinqimizi yaxşılaşdırsaq, hər il zəif rəqiblərlə düşə bilərik. Ona görə də hələ bu mərhələni qələbə ilə başa vuraq, ondan sonra növbəti rəqiblər barədə düşünərik. "Samtredia" ilə cavab matçına da ciddi hazırlaşacağıq.