Vançe Şikov: Arxayınlaşmaq olmaz, bu, bizə problem yarada bilər
"Neftçi"nin makedoniyalı müdafiəçisi Vançe Şikov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ına qarşı səfər oyunundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Səfər qələbənizi necə şərh edərdin?
- Asan oyun olmadı. Mövsümün ilk oyunları həmişə çətin olur. Amma biz bunun öhdəsindən gəldik və inamlı qələbə qazandıq.
- Belə asan qələbə qazanacağınızı gözləyirdiniz?
- Asan qələbə qazandığımıza dair fikrinizl razı deyiləm. Düzdür, səfərdə qol buraxmadan qalib gəlməyimiz çox şeydən xəbər verir. Amma bu, matçın bizim üçün asan keçdiyi anlamına gəlmir. Biz erkən qol vurmağa nail olduq. Ondan sonra topa nəzarəti əlimizdə saxlamağa çalışdıq. Rəqib ikinci hissədə yaxşı təsir bağışladı. Hətta qol epizodları da oldu. Amma xoşbəxtlikdən biz qapımızı toxunulmaz saxlaya bildik.
- Cavab matçının formal xarakter daşıyacağını demək olar?
- Biz işimizə elə yanaşsaq, cavab oyununda problemimiz ola bilər. Cavab matçına da ilk oyundakı kimi ciddi yanaşmalıyıq. Rəqibin itiriləsi heç nəyi yoxdur. Ona görə də biz maksimum diqqətli oynamalıyıq.
- Amma komanda yoldaşlarınızın hamısı da olmasa, bəzisi elə də ciddi motivasiya ilə oynamaya bilər...
- Səfər oyununun da ikinci hissəsində bir qədər arxayınlıq yarandı və bu, rəqibin fəallaşmasına səbəb oldu. Ona görə də buna cavab oyununda qətiyyən yol verməməliyik.
- Bakıda ilk dəfə doğma publika önündə oyuna çıxacaqsınız. Həyəcan var?
- Elə oynamaq lazımdır ki, azarkeşlər həm komandamızdan, həm də mənim oyunumdan razı qalsın.
- Potensial rəqibləriniz də ilk oyununu keçirdi. Makedoniya "Şkendiya"sının Polşa "Krakoviya"sına 2:0 hesabıyla qalib gələcəyini gözləyirdiniz?
- Gözləyirdim. Çünki Makedoniya klubunun güclü olduğunu bilirdim.
- Növbəti mərhələdə həmyerlilərinizə qarşı oynamaq istəyərdiniz?
- Bəli, istərdim. Amma asan olmayacaq.