Teo Uiks: Karyeramda ilk dəfə bir oyunda 3 qol vurdum
"Qəbələ"nin yarımmüdafiəçisi Teo Uiks Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı üzərində qazandıqları qələbədən (5:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı fikirləriniz...
- Bu, bizim ilk rəsmi oyunumuz idi. Kifayət qədər çətin matç oldu. Amma böyük hesablı qələbə qazanmağa nail olduq ki, bu da çox yaxşıdır. Çünki bu, cavab oyununda işimizi asanlaşdıracaq. Qələbə ilə başlamaq yaxşı oldu.
- Debütünüz uğurlu oldu, het-trik etməklə "Qəbələ"nin qələbəsində önəmli rol oynadınız. Bunu gözləyirdiniz?
- Düzünü deyim ki, özüm də bunu gözləmirdim. Ümumiyyətlə, karyeramda ilk dəfə bir oyunda 3 qol vurdum. Bu oyunda özümü göstərmək imkanı qazanmışdım və bundan maksimum istifadə etməyə çalışdım.
- "Qəbələ" oyundan öncə də favorit göstərilirdi. Belə çox qol vurmaqla sürpriz olmamasına çalışırdınız?
- Biz sadəcə, yaxşı oynamağa və bizə lazım olan nəticəni qazanmağa çalışdıq.
- "Samtredia"nın belə zəif çıxış edəcəyini gözləyirdiniz?
- Zəif oynadıqlarını deməzdim. "Samtredia" güclü komandadır. Sadəcə, bu oyunda diqtə edən tərəf biz olduq. Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Meydanın hər yerində idik. Məhz bunun da sayəsində böyük hesabla qalib gəldik.
- Cavab oyunundan nə gözləyək?
- Gürcüstanda da yaxşı nəticə qazanmağa çalışacağıq. Cavab oyunu da bizim üçün çox vacibdir.