Vladislav Qədirov: Qəbələ üçün Samtredia ilə oyun çətin olacaq
Veteran futbolçu Vladislav Qədirov "Neftçi" və "Qəbələ"nin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün keçirəcəyi ilk oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, "Qəbələ"yə "Samtredia" oyunda asan olmayacaq. Gürcüstan futbolu həmişə yaxşı səviyyədə olub və onlara qarşı mübarizə aparmaq çətindir. Qəbələlilərin növbəti mərhələyə adlaması da çətin olacaq.
"Neftçi"yə gəlincə, bu komandanın heyətindəki yeni futbolçular barədə məlumatım yoxdur. Amma "ağ-qaralar" Malta "Baltsan"ını keçməyə borcludur.
"Kəpəz"in Moldova "Daçiya"sı ilə matçının asan olmayacağı öncədən də bəlli idi. Birinci oyunda iki fərqli hissə izlədik. Qolsuz heç-heçəyə baxmayaraq, gəncəlilərin növbəti mərhələyə adlamaq şansı qalır. Bunun üçün səfərdə mütləq qol vurmaq lazımdır. Fikrimcə, komandamız bu vəzifənin öhdəsindən gələ bilər. Klublarımızın hamısına uğurlar arzulayıram".