Oliver Stiperi: Neftçinin nəyə qadir olduğunu yaxşı bilirik
Avropa Liqasının birinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Maltanın "Baltsan" klubunun baş məşqçisi Oliver Stiperi bu gün baş tutacaq ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Futbolda realist olmaq lazımdır. "Neftçi"nin böyük tarixi var. Bu komanda cəmi bir neçə il öncə Avropa Liqasının qrup mərhələsində oynayıb. Özü də İtaliya nəhəngi "İnter" kimi rəqiblərlə qarşılaşıb. Rəqibin nəyə qadir olduğunu yaxşı bilirik. Amma biz də öz futbolumuzu oynamağa çalışacağıq".
Stiperi "Neftçi"nin heyətindən söz açıb: "Avroliqa öncəsi bir neçə yeni futbolçu ilə müqavilə imzalayıblar. Onların arasında çox istedadlı yarımmüdafiəçi Edson Kastilyo da var. Balanslaşdırılmış heyətə malikdirlər. Sürətli hücumlar qura bilirlər".
"Baltsan"ın çalışdırıcısı öz transferlərindən də danışıb: "Yeni transferlərimizdən razıyam. Oliveyranı ötən mövsüm "Tarşin"dəki çıxışından yaxşı tanıyırıq. De və Maçevski bizim liqada yenilərdəndir. Boyan Kalyeviçi də bu siyahıya əlavə etmək olar. Çünki o, son mövsümün böyük hissəsini buraxmalı oldu".
"Yeni mövsümün startı öncəsi Kiprdə hazırlıq keçdik. Fikrimcə, bu toplanışın bizə çox faydası oldu".
(Times of Malta)