Toğrul Əsgərov: Kəpəzin mərhələ adlamaq şanslarını yüksək qiymətləndirirəm
Sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"lə Moldova "Daçiya"sı arasında baş tutan ilk oyunu izləyənlər arasında idi. Matçdan sonra o, azerisport.az saytının suallarını cavablandırıb:
- "Kəpəz"in oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Klubumuzdan ancaq qələbə gözləyirdim. Futbolçularımız bir neçə qol epizodunu dəyərləndirə bilmədi. Heyətdə yeni transferlər var. Yəqin ki, onların tam uyğunlaşması üçün vaxt lazımdır. İnanıram ki, "Kəpəz" növbəti oyunda daha yaxşı oynayacaq.
- Birinci hissədən daha çox razı qaldınız, ya ikinci?
- "Kəpəz" hər iki hissədə qol vəziyyətləri yaratdı. Amma vura bilmədi. Gəncəlilərin qol şansları rəqibdən daha çox oldu.
- Tribunada çoxlu boş yerlər var idi. "Kəpəz"in oyununa marağın belə az olması sizi təəccübləndirmədi?
- Stadiona gələn azarkeşlər komandanı pis dəstəkləmədilər. Mənə dedilər ki, Gəncədən 10 avtobus azarkeş gəlib. Bakıdakı azarkeşlər də komandanı dəstəkləməli idilər. Yəqin ki, çoxunun işi olduğu üçün stadiona gəlmədi. Şəxsən mən bir gəncəli kimi bu oyuna gəlib, komandamızı dəstəkləməyi özümə borc bildim.
- Bu qolsuz heç-heçədən sonra "Kəpəz"in "Daçiya"nı keçmək şanslarını necə qiymətləndirərdiniz?
- Ümid edirəm ki, "Kəpəz" burada vura bilmədiyi qolları səfərdə gerçəkləşdirəcək. Komandamızın mərhələ adlamaq şanslarını yüksək qiymətləndirirəm.
- Futbolçulardan kimi xüsusi qeyd edərdiniz?
- Kimisə fərqləndirmək istəmirəm. "Kəpəz"in bütün futbolçuları ürəyimcədir. Hər birini dəstəkləyirəm.