Samtredianın prezidenti: İlk mərhələdə Qəbələdən zəif rəqiblə qarşılaşmaq istərdik
Gürüstanın "Samtredia" klubunun prezidenti Giya Omanadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunlar öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Püşkün nəticəsini necə qiymətləndirərdiniz?
- Azərbaycan komandası ilə oynayacağımızı öyrənəndə sevindik. Baxmayaraq ki, bizə çox güclü rəqib düşdü. İlk mərhələdə bir qədər zəif rəqiblə qarşılaşmaq istərdik. Amma püşk artıq atılıb və oynamalıyıq.
- Yəni cütün favoriti "Qəbələ"dir?
- Hesab edirəm ki, şanslar bərabərdir. Kimin favorit olduğunu isə oyun göstərəcək.
- "Qəbələ"nin ötən mövsüm Avroliqanın qrup mərhələsində oynaması sizi qorxutmur?
- Bizi heç nə qorxutmur. Biz də sıfırdan başlamışıq, indi isə avrokuboklarda oynayırıq. İstənilən rəqiblə oynamağa hazırıq.
- Ötən mövsüm "Qəbələ" ilə Tiflis "Dinamo"su arasındakı oyunda qalmaqal yaşandı. Ondan öncə "Neftçi" ilə "Çixura" arasındakı oyunlarda da gürcü fanatlar təxribata əl atmıdılar. Bu dəfə də belə hallar yaşana bilərmi?
- Qalmaqallardan qaçmağa çalışmalıyıq. İdman prinsipləri ilk sırada durmalıdır. Əminəm ki, qarşı tərəf də hansısa insidentin yaşanmaması üçün əlindən gələni edəcək.
- Bəs niyə gürcü fanatlar həmişə belə addımlar atmağa çalışırlar?
- Bilmirəm. Bu faktı şərh edə bilmərəm. Gürcüstanla Azərbaycan dostdur. Belə şeylər bizim aramızda olmamalıdır.
- Bu insidentlərə baxmayaraq, hər dəfə Azərbaycan tərəfi qalib gəlir...
- Bu, bizi həyəcanlandırmır. Amma belə bir statistika varsa, biz onu dəyişdirməyə çalışacağıq. Yaxşı hazırlaşırıq.
- "Qəbələ" ötən mövsümlə müqayisədə həm büdcə, həm də heyət baxımından zəifləyib. Bəs sizdə bu baxımdan vəziyyət necədir?
- Maliyyə baxımından bizdə vəziyyət sabitdir. Amma onlarla müqayisədə büdcəmiz kiçikdir. Milyon dollardan bir qədər az büdcəmiz var.
- Komandanızı Bakıda dəstəkləyən olacaq?
- Yəqin ki, olar. Amma elə də çox yox. Samtredia elə də böyük şəhər deyil.
- İlk oyundan nə gözləyirsiniz?
- Ciddi kişi mübarizəsi olacaq. Bundan nə çıxacağını isə oyun zamanı görəcəyik.