Miltinyo: Millidə ilk növbədə intizamı gücləndirmək lazımdır
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Miltinyonun azerisport.az saytına müsahibəsi
- Azərbaycana ilk səfərinizlə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan futzal federasiyasına bu dəvətə görə təşəkkürümü bildirirəm. Azərbaycan yığmasında, "Araz"da çalışmaq mənim üçün fəxr olacaq. Ölkənizdə uğur qazanmaq istəyirəm. Bu, mənim üçün yeni çağırışdır.
- Millimizin sabiq baş məşqçisi Tino Pereslə söhbətiniz olmayıb?
- Xeyr. Heç cəhd də etməmişəm.
- Heyətdə hansı dəyişikləri planlaşdırırsınız?
- Hansısa dəyişikliyə ehtiyac olacaqsa, bunu zamanla edəcəyəm. Amma öncə heyətdəki oyunçuların hamısı ilə tanış olmalıyam. Vəziyyətin nə yerdə olduğunu anlamalıyam.
- Federasiya prezidenti Zaur Axundov çox tələbkardır. O, sizə hansı tapşırıqları verib?
- Qarşımıza ən yüksək hədəfləri qoymuşuq. Amma ilk növbədə komandada intizam yaratmaq lazımdır. Hər kəs intizamlı olsa, dünya çempionatına nəzərdə tutduğumuz kimi hazırlaşa bilsək, uğur da olacaq.
- "Araz" artıq Teles Martins Tyaqonu heyətinə qatıb və o, millidə də çıxış edəcək. Başqa transferlər də nəzərdə tutulub?
- Bunlar rəhbərliyin işidir və məşğul olurlar. Amma yeni oyunçuların gəlməsi istisna deyil. Güclənmək heç kimə mane olmur.
- Yerli oyunçulardan kimi tanıyırsınız?
- Hələ yenicə gəlmişəm. Yerli oyunçularla tanış olmamışam. Bu gün axşam komanda ilə görüşüm olacaq.
- Azərbaycan yığması son dövrlər güclü sınaqçı rəqiblər tapmaqda çətinlik çəkirdi. Bu problemi aradan qaldırmaq üçün nə etməyi planlaşdırırsınız?
- Zəif rəqiblərlə oynamaq bizə heç nə qazandırmaz. Güclü rəqiblərlə qarşılaşmaq lazımdır ki, zəif cəhətlərimizi görə bilək. Daha da inkişaf etməliyik. Vaxtımız azdır. DÇ-yə qədər hansısa mini turnirdə iştirak etməyimiz əla olardı.