Səməd Qurbanov: Neftçi Avroliqada 2 mərhələ keçsə, uğur sayılacaq
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Müşahidə Şurasının son iclası nə dərəcədə faydalı oldu?
- Mövsümə yekun vurduq, maliyyə məsələlərini müzakirə etdik. Növbəti mövsümlə bağlı müxtəlif məsələlər müzakirəyə çıxarıldı, təkliflər irəli sürüldü. İclası məhsuldar saymaq olar. Şura üzvlərindən Zaur Qəhrəmanov digər işləri ilə əlaqədar yanımızda olmasa da, onunla da videoəlaqə yaratmışdıq.
- Məgər Qəhrəmanovsuz qərar qəbul etmək mümkün deyildi?
- Şuranın üzvü kimi, müzakirələrdə iştirakı vacib idi. Həm də onun səsi lazımdır. Futbolla məşğul olan şəxs kimi məsləhətləri önəmlidir.
- Növbəti mövsüm üçün büdcə artırılacaq?
- Büdcə ilə bağlı detalları sizə açıqlamayacağam. Amma onu deyə bilərəm ki, büdcə olduğu kimi saxlanıldı. İmkanlarımız isə çox olacaq. Məsələ burasındadır ki, Emil Mpenzaya olan borc artıq bağlanıb. Yeni bazanın da böyük hissəsi artıq tikilib. Ona görə də büdcəmiz qarşıya qoyulan hədəflərə çatmağımıza daha çox diqqət ayırmağımıza imkan yaradacaq.
- Komandanın son mövsümdəki çıxışını qənaətbəxş saymısınız. "Neftçi" kimi klub üçün sadəcə, avrokuboklara vəsiqə qazanmağın qənaətbəxş sayılması nə dərəcədə düzgündür?
- Bu gənc uşaqlarla finala çıxmaq böyük işdir. "Qarabağ" güclü komandadır. Biz onlara qarşı layiqli mübarizə apardıq. Əlavə vaxtın son dəqiqələrində qol buraxmaq çox üzücü idi. Belə bir rəqibə penaltilərlə uduzmaqda utandırıcı heç nə yoxdur.
- Bəs növbəti mövsüm üçün hədəfiniz nə olacaq?
- Çempionluq. Gənc futbolçularımızın artıq kifayət qədər təcrübəsi var. Onların qarşısına daha böyük hədəflər qoymaq zamanıdır. Ən azından Avropa Liqasında iki mərhələ keçməliyik. Bu, uğur olacaq.
- Amma bu hədəfə çatmaq üçün heyəti gücləndirmək də lazımdır. "Neftçi"nin Kamran Ağayev və Vaqif Cavadovu transfer etməyə hazırlaşdığı barədə xəbərlər doğrudur?
- Bu məsələ müzakirə olunmadı. Biz seleksiya işlərinə qarışmırıq. Bununla Elnur Məmmədov, Vəli Qasımov və Səmədağa Şıxlarov məşğuldur. Yalnız onların təkliflərindən sonra hansısa oyunçunun alınmasını təsdiqləyə bilərik.
- Bəs klubu tərk edənlərlə bağlı vəziyyət nə yerdədi?
- Erik Ramos artıq klubu tərk edib. Anyete, Xuan Alberto Melli də gedəcək. Ayltonla Jayronu isə saxlamaq istəyirik. Yeni mövsümdə onlardan daha böyük fayda gözləyirik.