Zaur Axundov Miltinyonun qarşısına qoyduqları tələbləri açıqladı
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov braziliyalı Miltinyonun (Milton Junior) millimizin baş məşqçisi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Braziliyalının qarşısına dünya çempionatında uğurlu çıxış etmək tələbi qoyulub. Bir halda ki, millimiz bu mundiala vəsiə qazanıb, yeni baş məşqçi də orada uğur qazanmağa borcludur. Prinsipcə, onu komandaya elə bunun üçün dəvət etmişik. Ona başa saldım ki, mənim üçün uğursuzluğa görə heç bir səbəb keçərli olmayacaq. Yəni o, perspektivə işlədiyini, yeni gəldiyi üçün vaxt lazım olduğunu bəhanə etməməlidir. Yaxşı toplanış keçmək lazımdır. Komanda da yeni baş məşqçiyə tez uyğunlaşmalıdır. Onu da qeyd edim ki, Miltinyo həm də "Araz"ın baş məşqçisi olacaq".