Vitali Borisov: Yeni baş məşqçi millinin oyun sxemini və taktikasını dəyişə bilər
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov braziliyalı mütəxəssis Miltinyonun (Milton Luis Ziller Junior) baş məşqçi postuna gətirilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Onun Rusiya çempionatında çalışdığını eşitmişəm. Şəxsən tanımasam da, güclü mütəxəssisdir. Rusiyada çıxış edən tanışlarımdan onun barəsində daha çox məlumat almağa çalışıram. Əlbəttə, yeni baş məşqçi ispaniyalı mütəxəssis Tino Peresin tətbiq etdiyi oyun sxemini, taktikanı dəyişə bilər. Çünki hər mütəxəssisin öz oyun üslubu var. Dünya çempionatına az vaxt qalıb. Ona görə də millidə ciddi dəyişiklik gözləmirəm. Ola bilər ki, yığmaya yeni oyunçular cəlb olunsun. Amma bu məsələyə futzal federasiyasının rəhbərliyi qərar verir".