Amil Yunanov: Debütüm uğursuz oldu
Azərbaycan yığmasının və "Sumqayıt"ın hücumçusu Amil Yunanovun azerisport.az saytına müsahibəsi
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun oldu. Biz rəqibdən bir baş üstün idik. Təəssüf ki, qələbə qazana bilmədik. Halbuki, yetərincə qol imkanımız oldu.
- İkinci hissədə siz də millidə debüt etdiniz. Onu necə qiymətləndirərdiniz?
- Debütüm uğursuz oldu. Ümid edirəm ki, növbəti dəfə daha yaxşı oynayacağam.
- Niyə uğursuz?
- Dəqiq deyə bilmərəm. Ola bilsin ki, ilk oyunun həyəcanı öz sözünü dedi. Digər tərəfdən, Andorra qapalı oynayırdı. Topu qəbul etmək, oyun qurmaq mümkün olmurdu. Debüt matçımda daha yaxşı oynaya bilərdim. Çıxışımdan razı qalmadım.
- Bu oyun sizin yığmadakı gələcək taleyinizə təsir edə bilər?
- Demək çətindir. Amma ümid edirəm ki, məşqçilər korpusu bir oyunla nəticə çıxarmazlar. Azərbaycan yığmasında ən yaxşılar oynamalıdır. Mən də burada qalmaq istəyirəmsə, belə oynamalı deyiləm. Artırmağım lazımdır.
- Növbəti mövsümdə də "Sumqayıt"da qalacaqsınız?
- Bəli, qalacağam. Öz üzərimdə daha çox çalışıb, artırmalıyam. Heç bir yerə getmirəm.
- Daha yaxşı variantlar olmadığına görə qalırsınız?
- Mənim klubla müqaviləm var. Təklif olsa da, kluba müraciət etməlidirlər. "Sumqayıt" rəhbərliyi necə desə, elə də olacaq.