Robert Prosineçki: Nəticə vacib deyil, komandadan razıyam
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avstriya toplanışı çərçivəsində Andorraya qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz bitən görüşdən sonra bunları söyləyib:
- Belə oynamaq istəməyən, oynamağa imkan verməyən rəqibə qarşı mübarizə aparmaq çətindir. Birinci hissədən razı qaldım. Yeni heyəti iş başında gördük. Meydana beş yeni oyunçu buraxmışdıq. Amma bu gün rəqib nə özü oynadı, nə də bizə imkan verdi. İkinci yarıdakı çıxışımızdan da razı qaldım.
- Bəs nədən narazı qaldınız?
- Ən çox öz oyunumuzu göstərə bilməməyimizdən narazıyam. Cinahlar istədiyimiz kimi çalışmadı. Aydın məsələdir ki, bu gün əsas heyət oyunçuları meydanda deyildi Meydana çıxanlar da öz potensiallarını tam aça bilmədilər. Yaxşı futbol görmək üçün gərək meydandakı hər iki komanda oynasın. Bütövlükdə, komanda pis təsir bağışlamadı. Adil, Budaq, Murad ilk oyununu keçirrdi.
- Növbəti oyunda əsas heyəti meydana buraxacaqsınız?
- Əsas heyət oyunçuları ötən gün kubokun finalında oynadılar. Ona görə bu görüşdə iştirak edə bilmədilər. Yoxlama oyunlarında fərqli heyətlərlə oynamaq normaldır.
- Siz hər oyunda bir qapıçıya güvənməyi düşünürsünüz?
- Bəli, elədir. Anardan razıyam. Onun bu gün işi elə də çox olmadı. Müdafiə xətti yaxşı çıxış etdi.
- Meydana eksperimental heyət buraxsanız da, rəqibin statusu bu qolsuz heç-heçəyə görə tənqidləri qaçılmaz edəcək. Buna hazırsınız?
- Nəticə önəmli deyil. Vacib odur ki, oyun olsun.