İnter üç futbolçunu yola salıb, altı yeni oyunçu aldı
“İnter” rəhbərliyi əsas komandanın növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Slavik Alxasov, Samir Zərgərov, Tərlan Quliyev, Ağabala Ramazanov, Denis Silva Kruz, Abbas Hüseynov, İlkin Qırtımov, Elnur Abdullayev və Rauf Əliyevlə müqavilə imzalayıb. Bunlardan ilk altısı komandaya yeni gələnlərdir.
Xatırladaq ki, bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevlə müqavilə imzalanmışdı.
Bundan başqa, “İnter” rəhbərliyi əsas komandanın futbolçuları - Kamran Ağayev, Elşən Poladov və Vüqar Nadirov ilə müqavilələrin müddətinin uzadılmaması barədə qərar qəbul edib. Klub rəhbərliyi hər üç futbolçuya “İnter”in heyətində keçirdikləri oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.