Futbol və Sağlam Həyat adlı layihə daha bir məktəbdə oldu
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir. Azerisport.az xəbər verir ki, layihə bu dəfə Sumqayıtın 41 saylı orta məktəbində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 24, 35, 30, və 22 saylı orta məktəblərin şagirdləri də iştirak edib.
Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın texniki direktoru Aqil Məmmədov və məşqçi Azad Mütəllimov şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın akademiyasını məşqçi heyəti ilə yanaşı əvəzedici komandanın da üzvləri də iştirak edib.
Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsi 48 orta məktəbi əhatə edəcək. Ümumilikdə, layihədə 500-dən artıq şagird iştirak edəcək.