Samir Abasov: Qarabağ istənilən heyətlə güclüdür
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a qarşı "İnter Arena"nın süni örtüklü meydanında oynayacağıq. Ağdamlılar "İnter"lə kubokun cavab yarımfinal matçına fərqli heyətlə çıxmışdılar. Amma yəqin ki, bizimlə görüşdə optimal heyətlə çıxış edəcəklər. Rəqib istənilən heyətlə güclüdür. Onlar hətta ikinci heyətlə "İnter"ə qalib gəldilər. Bizə də bu komanda ilə görüş çətin olacaq. Ağdam klubu çempionatdakı hədəfinə çatıb. Bu münasibətlə onları təbrik edirəm. Bizim üçün də itiriləsi heç nə qalmayıb. Ona görə də ən azından gözəl oyun göstərmək istəyirik. Komanda belə oyunlarda daha da möhkəmlənir".