Vəli Qasımov: Penaltilər barədə düşünmürdük
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyunundan (1:1, penaltilərlə 4:3) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çox çətin oyun oldu. Qısa müddət ərzində "Qəbələ"yə qarşı üç matç keçirdik, heç birində məğlub olmadıq. Düzünü deyim ki, penaltilər barədə düşünmürdük. Hər şeyə 90 dəqiqə ərzində aydınlıq gələcəyini gözləyirdim. Amma penaltilər seriyasında bəxtimiz gətirdi. Prinsipcə, penaltilərdə uğur həmişə vacibdir. Bizi dəstəkləməyə gələn azarkeşlərə də təşəkkürümü bildirirəm.
Finalda da layiqli oyun göstərməyə çalışacağıq. Müqayisəyə gəlincə, Qurban Qurbanov Azərbaycan futbolu üçün çox iş görüb. Roman Qriqorçuk da yaxşı məşqçidir, komandasını Avropa Liqasının qrup mərhələsinə çıxarıb. Amma bu gün biz qalib gəldik".