Kamran Ağayevə 1, Cəmil Hacıyevə 2 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının, eləcə də əvəzedicilərin çempionatının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“İnter” - “Sumqayıt” matçının 27-ci dəqiqəsində “İnter”in futbolçusu Kamran Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Zirə” - “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Əvəzedicilərin çempionatında isə “İnter” - “Sumqayıt” matçında “İnter”in futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.