Qurban Qurbanov: Bütün qarabağlıları təbrik edirəm
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Uşaqlar il boyu əziyyət çəkiblər. Çətin oyunlarımız çox oldu. Futbolçular sonadək düzgün mübarizə apardılar, hər oyunda nəticə qazanmağa çalışdılar və sonda bu çempionluğu təmin etdilər. Bütün futbolçularımızı bu çempionluq münasibətilə təbrik edirəm. Mövsüm ərzində tempi qorumağa çalışdıq. Hər zaman oyunumuzu daha da yaxşılaşdırmağın lazım olduğunu bildirirdim. "Zirə"yə uğurlar arzulayıram. Səhv etmirəmsə, bu, onların doğma meydanda ilk məğlubiyyətidir. Bu, rəqib komandanın gücündən xəbər verir. Bütün qarabağlıları çempionluq münasibətilə təbrik edirəm.
Heyətə gəlincə, Maksim Medvedevlə bağlı risk etmək istəmədik. Reynaldonu 90 dəqiqə süni örtüklü meydanda oynatmaqdan ehtiyatlandıq. Migelə isə bir az istirahət vermək istədim. Çünki o, son dövrlər start heyətdə çox yer alırdı və sonadək oynayırdı". (CBC)