Qriqorçuk: Hər oyundan sonra hakimlikdən danışmağa hazırlaşmıram
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qol vəziyyətlərimizdən yaxşı yararlana bilmədik. Prinsipcə, bu yöndə bizdə heç nə dəyişməyib. İnanılmaz dərəcədə qol şansları əldə etdiyimiz halda, onları boşa veririk. Elə ilk hissədə üç qol vurmalı idik. Buna görə çox enerji itiririk, çox əsəbləşirik. Mümkündür ki, buna görə də komanda üzvləri konsentrasiyanı itirirlər. Nə qədər yaxşı və çox qol epizodu yaratsan da, onlardan yararlana bilməyəndən sonra öz əhəmiyyətini itirir.
Əlbəttə, bu gün müdafiə xəttində də səhvlərimiz var idi. Amma bunlar sistematik səhvlər deyildi. Rəqibin də haqqını vermək lazımdır. Bizim səhvlərimizdən maksimum yaralandılar və nəticədə qol vurdular.
Aydın məsələdir ki, hakimlərdə təzyiq var. Amma mən "Neftçi" ilə kubok görüşündən sonra sadəcə, həmin mübahisəli epizoda yox, ümumiyyətlə, mövsüm ərzində üzləşdiyimiz hakim haqsızlıqlarını dilə gətirmişdim. Həmin matçdan sonra çox əsəbi olduğum üçün danışdım. Amma hər oyundan sonra hakimlər barədə danışmağa hazırlaşmıram". (CBC)