Tərlan Əhmədov: Avroliqaya vəsiqəni Neftçi ilə oyunda təmin etməyə çalışacağıq
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Asan qələbə olmur. Hər oyunda maksimum güc sərf etmək lazım gəlir. Ötən tur "Rəvan"la oyunda xal itirmişdik. Bu oyunda isə nəticəyə oynayırdıq ki, Avropa Liqasına vəsiqə qazanmaq şansımızı yaxşılaşdıraq. Matç bizim üçün pis başladı. Xüsusilə ilk 15 dəqiqədə rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdı. Qarşıda "Neftçi" ilə oyun var. Bu vacib oyuna ciddi hazırlaşacağıq. Qələbə qazanmağa çalışacağıq. Amma əsas hədəf uduzmamaq olacaq. "Neftçi" ilə oyunda avrokuboklara vəsiqəni təmin etməyə çalışacağıq". (CBC)