Rauf Əliyev: Qarabağa qarşı açıq futbol oynamaq olar?
"İnter"in hücumçusu Rauf Əliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan (0:4) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "İnter"in finala çıxmaq şansını itirdiyini demək olar?
- Bəli. Artıq finala çıxmaq üçün heç bir ümidimiz qalmayıb. İki oyunun cəminə görə "Qarabağ"ı keçəcəyimizi desəm, yalan söyləmiş olaram. Artıq diqqətimizi çempionat oyunlarına yönəltməli və üçüncü pillədəki mövqeyimizi qorumağa çalışmalıyıq.
- Bu cür məğlubiyyətlə üzləşməyinizə nə səbəb oldu?
- Biz çoxlu səhvə yol verdik. Baxmayaraq ki, hesab 0:1 olarkən bizim də qol vurmaq üçün şanslarımız var idi. İkinci hissənin əvvəlində qol vura bilərdik. Amma bunu bacarmadıq və uduzduq.
- Bəlkə bu, müdafiə futboluna üstünlük verdiyinizə görə oldu?
- Biz hər oyunda adətən müdafiədən oynayırıq. "Qarabağ"a qarşı açıq oynamaq olar? Biz açıq futbol oynasaydıq, nə olardı, bilmirəm.
- Sizcə, təşəbbüs tam olaraq "Qarabağ"daydı, ya rəqib futbolçularının fərdi ustalığı sayəsində dörd qol vura bildi?
- "Qarabağ" bizə qarşı keçirdiyi son çempionat oyunu ilə müqayisədə bu dəfə tam fərqli çıxış etdi. Onlar ələ düşən bütün qol şanslarından yararlandılar.
- Siz də fəal idiniz, Vüqar Nadirov da. Amma hiss olunurdu ki, həm tələsirsiniz, həm də bir-birinizi tam yaxşı başa düşmürsünüz...
- Bəzi epizodlarda düz oynmadıq. Rəqib də yaxşı müdafiə olunurdu, bizə şans vermirdi.
- Matçın gedişində tez-tez baş hakim Rəhim Həsənovu alqışlayırdınız, hətta Rəşad Sadıqovla da nəsə söhbətiniz oldu...
- Düzünü deyim ki, Rəhim Həsənovun hakimliyi xoşuma gəlmədi. Mən "Qarabağ"ın qələbəsinə kölgə salmaq istəmirəm. Sadəcə, olanı deyirəm. "Qarabağ" 2:0 öndə olarkən Həsənov elə bir qərar qəbul etdi ki, sadəcə, dəhşətə gəldim. Rəşad Sadıqovla isə heç bir söz duelimiz olmadı. Biz uzun müddət bir yerdə çıxış etmişik. Sadəcə, hansısa epizodla bağlı fikrimi bildirə bilərəm.
- Oyundan sonra Zaur Svanadze və ya klub rəhbərliyi sizə nəsə dedi?
- Xeyr, heç bir söhbət olmadı.
- Digər yarımfinal cütündə "Neftçi" ilə "Qəbələ" heç-heçə (1:1) oynadı...
- Mənə elə gəlir ki, üstünlük "Qəbələ"dədir.
- Qarşıda sizi "Sumqayıt"la çempionat oyunu gözləyir...
- Bu görüşə ciddi hazırlaşırıq. Bütün diqqətimiz "Sumqayıt"la oyuna yönəlib.
- Deyilənə görə, millimizin baş məşqçisi Robert Prosineçki qarşıdakı təlim-məşq toplanışına sizi də çağıracaq...
- Mənimlə bu barədə heç kim söhbət etməyib. Amma özüm qarşıdakı oyunlarda özümü yaxşı tərəfdən göstərməyi çox istəyirəm ki, yenidən milliyə dəvət alım.