Qriqorçuk: Belə hakimlik ilə bizim titul qazanmağımız mümkün deyil
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk klubun yaydığı bəyanata münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu mövsümün əvvəlində bir neçə oyundan sonra klub rəhbərliyi ilə sözügedən məsələ ilə bağlı söhbət etdim. Biz hakim qərəzi ilə hələ ilk turda üzləşmişdik. Hansı ki, Rəşad Sadıqov heç nədən meydandan qovulmuşdu. Bizim rəhbərlikdə ciddi və alicənab insanlar çalışır. Onlar bu hadisələrə fikir verməməyə çalışdılar. Amma mövsümün gedişində o qədər belə haqsızlıqla üzləşmişik ki, artıq danışmamaq, susmaq mümkünsüzdür. Bəyanatda səslənən fikirləri mən də dəstəkləyirəm. Öz dediklərimə də tam məsuliyyətim ilə cavabdehəm".
"Belə hakimliklə gərək bütün rəqiblərindən o qədər güclü olasan ki, onlar sənin hədəfə çatmağına mane ola bilməsinlər. Amma elə olan halda da çətinliklər qaçılmaz olardı. Bizim vəziyyətimizdə isə bu hakimliklə ümumiyyətlə titula ümid etmək mümkünsüzdür. AFFA Hakimlər Komitəsinin son oyunların hakim qərarlarını jurnalistlərlə birgə müzakirə etməyə qərar verməsini, buna görə mətbuat konfransı keçirmək addımını yüksək qiymətləndirirəm".