Mirhüseyn Seyidov: Böyük hesabla uduzsaq da, o dərəcədə pis oynamadıq
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a 0:4 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün əvvəlində komandamız formalaşanda da problemlərin olduğunu bilirdik. Klub az qala dağılmaq təhlükəsi ilə üz-üzə idi. Amma komandamızın indiki vəziyyəti heç də pis hesab olunmamalıdı. Bu, həyatın sonu deyil. Bu mövsümü avrokuboklar zonasında başa vurmalıyıq ki, diskvalifikasiyamızı çəkək. Klub prezidenti də bizi əmin etdi ki, qorxulu heç nə baş verməyib. Növbəti mövsümdən daha güclü heyət qurub, yenidən avrokuboklara çıxmağa çalışacağıq. "Qarabağ"a böyük hesablı məğlubiyyətə gəlincə, o dərəcədə pis oynadığımızı deməzdim. Buraxılan ikinci qol hər şeyi korladı. Məhz ikinci qoldan sonra irəli atıldıq. Amma daha iki qol buraxdıq. Bu nəticə bizim finala çıxmaq şansımızı çox azaltdı. Ümid edirəm ki, bu oyunun nəticəsi bizim çempionatdakı bundan sonrakı çıxışımıza təsiri olmayacaq".