Kəpəz sabah Gəncəyə gələcək
28 aprel 2016 19:00
Topaz Premyer Liqasının 32-ci turunda Gəncə şəhər stadionunda “Rəvan”ı qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı matçın hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, “sarı-göylər” Bakıda məşq edib.
Komandanın bir müddət zədəli olan futbolçusu Namiq Ələsgərovun durumu yaxşılaşdığından o, artıq qrup halında məşqlərə qoşulub. Bundan öncə üç gün həkim nəzarəti altında fərdi halda hazırlaşan Ələsgərov əsasən bərpaedici məşqlər üzərində işləyib.
Bu gün Bakı hazırlığını tamamlayan “Kəpəz” sabah Nizami yurduna gələcək. Komandanın “Rəvan” ilə oyundan öncəki məşqi görüşə ev sahibliyi edəcək arenada keçiriləcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.