Hakimlər Komitəsi hakim qərarlarını jurnalistlərlə birgə müzakirə edəcək
28 aprel 2016 18:20
Hakimlər Komitəsi Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirir. Azerisport.az xəbər verir ki, hər həftə baş tutan toplantı zamanı turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin və Topaz Premyer Liqasının 31-ci turunun görüşlərində verilən qərarlar sabah saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq. Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq. Müzakirələrdən sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub. (PFL)