"Qəbələni məhz hakimlərin bərbad idarəçiliyi geri saldı"
"Qəbələ"nin baş meneceri Zaur Əzizov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunun hakimliyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz həmişə belə məsələlərdə sakit olmağa çalışmışıq. Etiraf etmək lazımdır ki, biz Əliyar Ağayevin belə hakimlik etməsinin qarşısını ala bilmirik. Təkcə onun yox, digər hakimlərin də. Bir-iki oyun olsaydı, bunu səhv adlandırmaq olardı. Amma oyunlarımızın 20-25 faizində nəticəyə təsir edən səhvlər varsa, bu, artıq yolverilməzdir. Bu, çox böyük rəqəmdir. Mövsümün əvvəlində hamı "Qəbələ"nin çempionluq uğrunda mübarizə aparacağını düşünürdü. Amma məhz hakimlərin bərbad idarəçiliyi bizi geri saldı. Artıq nə edəcəyimizi bilmirik. Özümüz də hər oyundan sonra matçın protokoluna hakim səhvlərini yazmaqdan, hətta bu haqda danışmaqdan utanırıq. Amma görünür onlar belə işləməkdən utanmırlar".