Dani Kintana: Böhrana görə Azərbaycan çempionatının səviyyəsi aşağı düşüb
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Ağdam klubuna gəlişindən, eləcə də bu komandadakı çıxışından, Azərbaycan çempionatından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" mənimlə ötən yay (2014-cü ildə) əlaqə saxlasa da, həmin vaxt mənim transferim baha başa gəldi. Ona görə də Səudiyyə Ərəbistanına ("Əl-Əhli" klubuna-red.) getməli oldum. Amma orada işlərim yaxşı getmədiyindən, mövsümün gedişindəcə ayrılmağa qərar verdim. Baxmayaraq ki, mövsümün sonunadək meydana çıxa bilməyəcəyimi bilirdim. Lakin "Qarabağ" buna rəğmən məni heyətinə qatdı. Nəticədə Azərbaycana gəlməyə qərar verdim və indi bu qərarıma görə şadam".
Premyer Liqamızdan danışan ispaniyalı vinger bunları qeyd edib: "Burada rəqabət zəif deyil. İstənilən komanda digərindən xal ala bilər. Qələbə qazanmaq çox çətin olur. Hələ onu da nəzərə almaq lazımdır ki, iqtisadi böhran nəticəsində çempionatın səviyyəsi bir qədər aşağı enib. Amma yenə də yaxşı çempionatdır. Avropa Liqasının cari mövsümündə iki Azərbaycan klubunun qrup mərhələsində çıxış etməsi də buna əyani sübutdur. Hansı ki, onlardan biri də "Qarabağ" idi".
29 yaşlı futbolçu ölkəmizə uyğunlaşmasına dair suala belə cavab verib: "İspanlar üçün buraya uyğunlaşmaq çətin deyil. Çünki Azərbaycanda bir neçə futbolçumuz çıxış edir. Üstəlik, ispan dilində danışan başqa futbolçular tapmaq da asandır. Mən digər ölkələrdə də çıxış etmişəm və onlarla Azərbaycan arasında xüsusi bir böyük fərq olduğunu düşünmürəm. Əlbəttə, mədəniyyətlər, din fərqlidir. Amma burada da istədiyiniz hər şeyi tapa bilərsiniz".
Kintana öz çıxışından da söz açıb: "Mənim hansısa peşəkar hədəfim yoxdur. Hər oyunda meydana çıxıb, ən yaxşı oyunumu sərgiləməyə çalışıram. Komandamızın isə öz hədəfləri var: hər il avrokuboklara çıxmaq və yüksək səviyyədə çıxış etmək. Avrokuboklarda debüt mənim üçün böyük təcrübə oldu. Biz böyük və dolu stadionlarda oynamaq şansı qazandıq. Klubumuz da hər mövsüm elə buna görə avrokuboklarda iştirak etmək istəyir".
Ağdam klubunun bombardiri komandasının ən məhsuldar futbolçusu olmasına da münasibət bildirib: "Kifayət qədər komik bir vəziyyətdir. Çünki mən hücumçu deyiləm. Daha çox hücumameylli yarımmüdafiəçi kimi oynayıram. Amma elə alındı ki, komanda yoldaşlarımın da köməyi sayəsində tez-tez rəqib qapılarına qol vurmaq şansı qazandım".
(Tinta Amarilla)