Murad Ağayev: Qarabağ mənimlə müqavilə bağlasa, bu, irəliyə doğru addım olacaq
"Sumqayıt"ın yarımmüdafiəçisi Murad Ağayev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Fikrimcə, bu oyunda bizim bəxtimiz gətirmədi. Sona qədər dözməli, mübarizə aparmalı idik. Qarşıdakı oyunlarda azarkeşlərimizi sevindirməyə çalışmalıyıq. Adətən, fasilə ərəfəsində buraxılan qol matçın sonrakı taleyinə az təsir göstərmir. İnanıram ki, bundan sonra belə hallar təkrarlanmaz. Ümid edirəm ki, növbəti mövsümdən komandamızın qarşısına daha böyük hədəflər qoyulacaq. Təbii ki, hədəflər böyük olsa, mən də öz gələcəyimi "Sumqayıt"da görürəm".
Ağayev "Qarabağ"a keçəcəyinə dair xəbərlərə də münasibət bildirib: "Mən bu barədə heç nə eşitməmişəm. Əlbəttə, Ağdam klubu doğrudan da mənimlə müqavilə bağlamaq istəyirsə, bunu ancaq karyeramda irəliyə doğru bir addım saymaq olar. Təbii ki, özüm də "Qarabağ"da oynamaq istərdim. Futbolu çox sevirəm və daim inkişaf etmək istəyirəm. Eyni zamanda ailəmi, yaxınlarımı sevindirməyi arzulayıram. Çünki onlar həmişə mənə görə həyəcan keçirirlər, dəstəkləyirlər".